“Kim günahkardısa cəzasını alacaq” Millət vəkilindən Nurayla bağlı açıqlama

Baxış sayı: 2154

“Qubada baş verən hadisə ilə bağlı video çox qəzəb yaradan videodur”.

Bu sözləri millət vəkili Vahid Əhmədov 10 yaşlı Nurayın zorla atasına verilməsi ilə bağlı videonu ATV.az-a şərh edərkən deyib. Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı həm maarif müdiri, həm də məhkəmənin sədri ilə danışıb:

“Məhkəmənin sədri deyir ki, “mən əvvəl uşağın atasını da, xalasını da çağırdım. İstədim onları barışdırım, amma barışmadılar. 3-4 dəfə danışıq apardıq, alınmadı. Nəticədə də qərar verildi””.

V.Əhmədovun deyib ki, məhkəmə icraçılarının hərəkəti çox narahatlıq doğrur:

“Məhkəmə icraçılarının hərəkətləri bizi çox narahat edir. Vəhşicəsinə 10 yaşlı uşaqla, digər qadınla rəftar... Bunlar azərbaycançılığa, müsəlmançılığa yaraşan hərəkətlər deyil. Onlar mütləq öz cəzasını almalıdır. Mən bu məsələ ilə bağlı ədliyyə nazirinin müavini ilə də danışmışam. Ədliyyə nazirinə də məktub göndərdim ki, bu məsələyə hüquqi qiymət verilsin”.

Millət vəkili bildirib ki, bu məsələ ilə çox ciddi məşğuldur: “Kim günahkardısa, mütləq öz cəzasını almalıdır. Çünki bununla bağlı cəza alan olmasa, digər regionlarda da baş verə bilər. Heç yerdə zor tətbiq etməyə qanunda icazə verilmir. Müəyyən danışıqlar aparılmalıdır və s. Ona görə də bu məsələni axıra çatdıracağıq”.

Günay Məryəm / ATV.az