Məhkəmə icraçıları 10 yaşlı qızı zorla atasına qaytardılar Qubada

Baxış sayı: 9594

Sosial şəbəkədə yayılan görüntülərdə məhkəmə icraçıları qərara uyğun olaraq uşağı anasından alaraq atasına verməyə çalışır. Lakin atası ilə yaşamaq istəməyən azyaşlı qız müqavimət göstərir. 

ATV.az olaraq məsələni araşdırdıq. Məlum oldu ki, videodakı qız 11 yaşlı Nuray Əvəz qızı Bayramzadədir. Onun ana deyərək səsləndiyi qadın isə xalasıdır. O, illərdir xalası ilə birlikdə yaşayıb və onu ana kimi qəbul edib. Atasını isə ilk dəfə məhkəmə salonunda görüb.

Nurayın xalası Mehriban  Mustafayeva  ATV.az-a  açıqlamasında bildirib ki, bacısı  Rübabə 2004-cü ildə həkim olan Əvəz Bayramzadə ilə ailə həyatı qurub. Bu, Əvəz Bayramzadənin üçüncü evliliyi olub. Onlar 2 il evli qalıblar. Uşaq dünyaya gəldikdən sonra qadının bədənində şiş yaranıb. Həyat yoldaşı bunu bilsə də heç kimə bir söz deməyib. Qadın xəstə olduğu üçün həyat yoldaşı ondan ayrılıb.

Nuray və anası xalasına sığınıblar. Qadın bir müddət sonra səhhətindəki problemlər səbəbindən həkimə müraciət edəndə məlum olub ki, onun süd vəzində bədxassəli şiş var. Müalicə olunmadığı üçün artıq metostaz verib. Nurayın anası müəllimə olsa da, xəstəliyinə görə, sonradan işləyə bilməyib. Bacısı onun müalicəsi, sağalması üçün evini satıb, bütün imkanını səfərbər edib.  Sonra məcbur olub uşağın atası ilə əlaqə saxlamalı olub. Lakin ata qızını və həyat yoldaşını qəbul etməyib:

“2011-ci ilin oktyabrın 6-da atası Nurayı almaq üçün bizi məhkəməyə verdi. İlk məhkəmə prosesi 2011-ci ilin oktyabrın 13-də keçirilib. Uşaq hazırda 11 yaşın içərisindədir və atası bir dəfə də olsun onunla maraqlanmayıb, aliment verməyib”.

Uşaq hazırda xalasının yanındadır. Mehriban xanım qeyd edib ki, məhkəmədə baş verən hadisədən sonra uşaqda psixoloji problemlər ortaya çıxıb. O, indi qorxudan heç yerə tək gedə bilmir. 

Məsələ ilə əlaqədar prosesin gedişatında iştirak edən Quba rayon İcra şöbəsinin icra məmuru Ümüd Məsimovla əlaqə saxladıq. O, bildirdi ki, məhkəmənin qərarı olduğu üçün, məhkəmə icraçıları prosesi icra etməyə məcburdur:

“Mən də razıyam, baş verən hadisələr düzgün deyil. Amma qərarı məhkəmə verib. Biz sadəcə icra prosesini həyata keçirmişik”.

Psixoloq Elnur Rüstəmov bildirir ki, uşağın yeniyetməliyə qədəm qoyduğu bir zamanda belə bir hadisə ilə üz-üzə qalması,  gələcəkdə onun bir sıra psixoloji problemlər yaşamasına səbəb olacaq:

“Onun doğma atası ilə münsibətlərinin necə olacağı helə sual altınadır. Əslində, bu məsələdə həm xalanın, həm də atanın günahı var. Əgər belə bir məsələ ortaya çıxmışdısa, hadisələr məhkəməyə kimi həll olunmalı idi. Söhbət uşağın taleyindən gedirsə, tərəflər ortaq məxrəcə gəlməli idilər. Yəni, proses bu səviyyəyə çatmaya bilərdi. Hadisənin psixoloji tərəfinə gəldikdə isə, bu uşağın gələcəkdə çox böyük psixoloji sarsıntılarla qarşılaşacağı danılmazdır. Bundan sonra çox yaxşı olardı ki, uşaq psixoloji dəstək alsın”.

Günay Məryəm

Rauf Bayram 

Xəyalə Məmmədova /ATV.az