Məşhur klipin gözəlçəsi illər sonra

Baxış sayı: 2257

Nina Moric...Yəqin ki, ilk baxışda bu ad və soyad bir çoxlarına tanış gəlmir. Lakin Latın Amerikalı ulduz Riki Martinin “Livin’ la Vida Loca” klipini yada salmaq kifayət edər ki, bu xorvatiyalı gözəli göz önünə gətirə, yenidən yada sala bilək. Maraqlıdır 18 il əvvəl adıçəkilən klip ilə ulduzu daha da parlayan xorvatiyalı model Nina Moric kimdir, indi nə işlə məşğuldur?

1976-cı ildə Xorvatiyanın Zaqreb şəhərində dünyaya gələn Nina Moric, orta məktəbi bitirdikdən sonra hüquq fakültəsinə daxil olub. Lakin özünü təhsil aldığı sahəyə uyğun olaraq hüquqşünas kimi yox, model kimi sınamaq qərarına gəlib. Və 16 yaşından model karyerasına başlayıb. Elə o zamandan müxtəlif kliplərdə rol alan, müsabiqələrdə iştirak edən Ninaya hətta məşhur “Maska”adlı komediya filmində rol almaq təklifi də gəlir. Lakin danışıqlar uğursuz alınır və Nina həmin proyektdən uzaqlaşır.

“Maska” filmində rol ala bilməsə də, Nina Moric  Riki Martinin “Livin’ la Vida Loca” klipinində çəkilməklə məşhurluğunu daha da artıra bilib.Ən az mahnı və klip qədər onun da adı dildən-dilə dolaşıb. 2002-ci ildə isə özünü müğənni kimi də sınayaraq, “Star” adlı mahnısını dinləyicilərə təqdim edib.

Nina Moric 2001-ci ildə italiyalı fotoaqent Fabrizio Corona ilə ailə həyatı qurub. 6 il davam edən evlilikdən cütlüyün 1 oğlu dünyaya gəlib.

Hazırda 41 yaşlı Nina Moric hələ də, model kimi fəaliyyətinə davam edir. O ki qaldı xarici görünüşünə plastik əməliyyatlar xorvatiyalı gözəlin də görünüşünü xeyli dəyişə bilib.Müsbət və ya mənfi? Bunun cavabını siz oxucuların ixtiyarına buraxırıq.

NÜBAR NİYAZİQIZI//ATV.az