Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür

Baxış sayı: 488

Bu gün SSRİ və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür. O, 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub.
 
ATV.az xəbər verir ki, Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.
 
Dünya şöhrətli müğənni həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. 

Qeyd edək ki, bir neçə gün öncə, prezident İlham Əliyev Zeynəb xanımı Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edib. 

Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əslinin partiyalarını məharətlə ifa edən Z.Xanlarova estrada müğənnisi kimi daha çox uğurlar qazanıb. O, “Şahnaz”, “Qatar”, “Bayatı-Şiraz” təsniflərinin, habelə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev və digər bəstəkar mahnılarının mahir ifaçısıdır. Müğənninin özü də bir neçə mahnı bəstələyib. 
 
ATV.az